Teatrın Tarixi

Keçmişdən bu günə

Azərbaycanda Opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) dahi Üzeyir Hacıbəylinin şərq və müsəlman aləmində ilk opera əsəri olan “Leyli və Məcnun”-nun H.Z.Tağıyev teatrında tamaşası ilə qoyulmuşdur. Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir.

1918-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikası hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmiş və dövlət opera teatrının yaranma tarixi bu vaxtdan başlayır. Teatr 1959-cu ildən Akademik teatr statusu daşıyır.

Ötən dövr ərzində inkişaf edən bu teatr indi respublikanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Azərbaycanın opera və balet sənətində yaxşı olan hər şey burada mərkəzləşmişdir. Müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar – Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və b. çıxış etmiş və bu gün də çıxış etməkdədirlər.

Görkəmli Simaları

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının şöhrətlənməsində Azərbaycan mədəniyyətinin korifey sənətkarlarından olan aşağıdakı şəxslərin böyük əməyi olmuşdur:

Üzeyir Hacıbəyli

Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyli (18 sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948, Bakı) — Azərbaycan, Sovet bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki “Stalin” mükafatı laureatı (1941, 1946). “Lenin” ordeni kavaleri (1938).

Müslüm Maqomayev

Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev (18 sentyabr 1885, Qroznı – 28 iyul 1937, Nalçik) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi (“Nərgiz”, 1935), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayev adını daşıyır. Müğənni Müslüm Maqomayevin babasıdır.